Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən 2 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasına keçirilmişdir.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunmuş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmışdır. Qəbul olunanlardan bir neçəsi müraciətlərinin göndərilməməsindən, bəzi şəxslər isə barələrində aparılan istintaqdan narazılıqlarını bildirmişlər.

Başçəkmə çərçivəsində qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilmiş, Ombudsmana ünvanlanmış müraciətlər qəbul olunmuş, bir neçəsi yerində təmin edilmişdir.

Müəssisənin binasının köhnə olması saxlanma şəraiti ilə bağlı çətinliklərin və kameralarda sıxlığın yaranmasına səbəb olur, bu baxımdan Gəncədə, eyni zamanda digər regionlarda inşa olunan penitensiar müəssisələrin tikinti-tamamlama işlərinin sürətləndirilməsinə ehtiyac vardır.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə söhbətlər aparılmış, müraciətlərin göndərilməsi və sənədləşmə ilə bağlı müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaqdır.