“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü düşərgənin bağlanış mərasimi olub

Müdafiə Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həmin nazirliyin Qusar rayonundakı N saylı hərbi hissəsində yaradılmış “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü ənənəvi yay düşərgəsinin bağlanış mərasimi keçirilib. Həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Müdafiə Nazirliyinin məsul əməkdaşı Əfqan Əliyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, hərbi hissənin rəhbərliyi və qonaqlar iştirak ediblər.

Tədbirdən əvvəl Müvəkkil və digər qonaqlar hərbi hissədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib. 

N saylı hərbi hissənin komandiri qonaqları salamlayıb, hərbi-vətənpərvərlik yay düşərgəsinin nəticələri barədə məlumat verib.

Ombudsman tədbirdə çıxış edərək, təşkilatçılar olan Müdafiə Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin, eyni zamanda təlimçilərin zəhmətini, səmərəli fəaliyyətini xüsusi vurğulayıb. O, burada uşaqların layiq görüldüyü yüksək “Gənc Heydərçilər” adının böyük əhəmiyyəti barədə məlumat verib, bu il Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün qeyd edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, 100 il əvvəl 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyi elan olunmuş və “İstiqlal Bəyannaməsi” qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər böyük tarixi nailiyyətlərlə yanaşı, müsəlman Şərqində ilk demokratik respublikamızın Milli Ordusu da yaradılmışdır.

Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətini, o cümlədən onun ordu quruculuğu sahəsində ölçüyəgəlməz fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi, 2018-ci ildə ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İlinin elan olunması, bununla əlaqədar paytaxt və regionlarda silsilə konfransların, tədbirlərin təşkili hər bir azərbaycanlının, o cümlədən zabit və əsgərlərin, gənclərin, uşaqların, xaricdə yaşayan soydaşlarımızın ürəyində fərəh və sevinc hissi yaşadır.

Ombudsman ölkəmizdə insan hüquqlarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi və həyata keçirilməsinin ölkəmizin prioritet məsələlərindən olduğunu, bu sahədə mühüm addımlar atıldığını bildirib. Dövlət başçısı tərəfindən respublikamızda böyüyən nəslin hərbi-vətənpərvərlik, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması, Vətənin müdafiəsinə daim hazır olması istiqamətində mühüm işlərin görüldüyünü, uşaqların və gənclərin ahəngdar inkişafına, sağlamlığının qorunmasına, sağlam həyat tərzi sürmələrinə, intellektual səviyyəsinin yüksəldilməsinə, fiziki tərbiyəsinə yönəlmiş qayğı və diqqətin mühüm yer tutduğunu vurğulayıb.

Müvəkkil ilk qələbə müjdəsi olan Aprel döyüşləri haqqında məlumat verib, mənfur düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın bir qisminin geri qaytarılmasında Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inamla inkişaf edən ordumuzun göstərdiyi şücaətləri, xalqımızın bir qüvvə kimi birləşdiyini diqqətə çatdırıb.

Ombudsman son illərdə “Şahinlər” və “Gənc Heydərçilər”  düşərgələrinin təşkil edilməsinin gələcək əsgər və zabitlər olacaq uşaqların intellektual, fiziki hazırlığının yüksəldilməsinə, onların vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə sadiq yetişməsinə, gümrah böyüməsinə tövhələr verdiyini  qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib.  

Düşərgədə hərbi qulluqçular uşaqları müasir hərbi texnika və sursatlarla tanış edib, silahlardan istifadə qaydalarını öyrədiblər. Tədbirdə uşaqlar zabit və təcrübəli təlimatçılardan öyrəndikləri idman tapşırıqları, habelə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım üzrə biliklər və bacarıqlarını nümayiş etdiriblər.

Ombudsman tərəfindən hərbi hissəsinin komandirinə Müvəkkilin xatirə medalı, habelə yay düşərgəsində könüllü kimi fəal iştirak edən uşaqlara Sertifikatlar və xatirə nişanları təqdim olunub.

Eyni zamanda müxtəlif idman növləri üzrə keçirilən yarışlarda fərqlənərək qalib gəlmiş uşaqlara və onlara təlim keçmiş və xidmət göstərmiş şəxslərə, habelə dəstə rəhbərlərinə təşkilatçılar tərəfindən mükafatlar verilib.

Qeyd edilməlidir ki, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin şəhid, qaçqın və məcburi köçkün, aztəminatlı ailələrdən olan üzvləri də düşərgədə iştirak edərək fərqlənib və mükafatlandırılıblar.