Ombudsman Aparatının əməkdaşı Gənclərin Məşğulluğunun təşviqi ilə bağlı təlim kursunda iştirak etmişdir

03-06 iyul 2018-ci il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanda Məşğulluq Xidməti orqanlarının gücləndirilməsi. Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri” mövzusunda təlim kursu keçirilmişdir.

   Dörd gün davam etmiş təlim kursunun açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, ölkəmizdə səfərdə olan Litvanın sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene, BƏT-in baş mütəxəssisi Mixail Puşkin, BMT İnkişaf Proqramının qrup rəhbəri Corc Buma iştirak etmişdir.

   Panel müzakirələr formatında davam edən kursun gündəliyinə beynəlxalq və yerli mütəxəssislər tərəfindən Məşğulluq xidməti orqanlarına ümumi baxış və əməkdaşlıq, aktiv və passiv əmək bazarı proqramları, Azərbaycanın məşğulluq xidməti orqanları tərəfindən icra olunan aktiv əmək bazarı proqramlarına ümumi baxış, Gənclərin məşğulluğunun təşviqi üzrə Məşğulluq Xidməti orqanlarının portfeli, Məşğulluq Xidməti orqanlarının təlim və təhsil proqramları, Gənclərin işə qəbulu üzrə müəssisələrin təşviqi: subsidiyalı məşğulluq, Özünüməşğulluğun təşviqi üzrə Azərbaycan təcrübəsi, Özünüməşğulluq və gənc sahibkarların dəstəklənməsində Məşğulluq Xidməti orqanlarının rolu, Məşğulluq Xidməti orqanlarının həssas əhali qruplarına yönəlik proqramları, Qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçid prosesində Məşğulluq Xidməti orqanlarının iştirakı və s. mövzularda təqdimatlar, fəaliyyət planlarının hazırlanması daxil edilmişdir.

   Təlim kursunda Ombudsman Aparatının əməkdaşı Pərvin Rəhimov da iştirak etmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın vətəndaşların əmək hüquqlarının təminatı sahəsində fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verilmiş, xüsusilə cəzaçəkmə müəssisələrindən azad edilmiş keçmiş məhkumların işlə təminatı məsələsi, bu sahədə Ombudsmanın təklif və tövsiyələri diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, bu kateqoriya şəxslərin yenidən cəmiyyətə qazandırılması və inteqrasiyası üçün onların məşğulluq məsələsi öz həllini tapmalıdır.

   Müzakirələr zamanı Ombudsman Aparatının əməkdaşı tərəfindən azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması üçün tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilmiş, dövlət orqanlarının bu sahədə əməkdaşlığının vacibliyi vurğulanmışdır. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun tələbləri şərh edilmişdir.

            Təlim kursunun sonunda tədbir təşkilatçıları Ombudsman təsisatı ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bundan sonra da qarşılıqlı fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirmişlər.