Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Tbilisidə regional konfransda iştirak etmişlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Milli Preventiv Mexanizm (MPM) qismində beynəlxalq qurumlarla, o cümlədən BMT və onun müqavilə qurumları, İşgəncələrin Qarşısının alınması üzrə Altkomitə (SPT), habelə Avropa Şurası, CPT, Avropa İttifaqı, Penal Reform İnternational və digər təşkilatlarla, müxtəlif ölkələrin MPM-ləri ilə sıx əməkdaşlığını davam etdirir, təcrübə mübadiləsi aparır.

26 iyun 2018-ci il tarixdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Penal Reform İnternational təşkilatının, Gürcüstan Ombudsman təsisatı və Niderland Krallığının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Cənubi Qafqaz  ölkələrinin MPM-lərinin iştirakı ilə regional konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Ombudsmanı Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə və həmin qrupun üzvü Vüqar Heydərov təmsil etmişlər.

Proqrama uyğun olaraq region ölkələrinin MPM-lərinin məruzələri dinlənilmiş, R.Rumzadə və V.Heydərov da təqdimatlarında Azərbaycan Ombudsmanının MPM qismində fəaliyyəti, əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə keçirilən effektiv başçəkmələr və onların nəticələri, hüquqi təhlil, qanunvericiliyin və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə verilmiş təklif və tövsiyələr, əməkdaşlıq istiqamətləri, həmçinin hüquqi maarifləndirmə tədbirləri ilə bağlı geniş məlumat vermişlər.

Azərbaycan Ombudsmanının nümayəndələri tərəfindən ölkədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı “İstanbul Protokolu”, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartlarının tətbiqi, habelə milli qanunvericiliyə implementasiyası, Müvəkkilin beynəlxalq standartlar əsasında rəftar məsələləri və saxlama şəraitinin araşdırılmasında göstərdiyi yanaşmalarla bağlı geniş məlumat verilmişdir.

Bununla yanaşı, 10 fevral 2017-ci il tarixdə ölkə Prezidenti tərəfindən imzalanmış Sərəncamın insan hüquqlarının effektiv təmini baxımından həyata keçirilən islahatlar prosesində yeni mərhələ olduğu vurğulanmış, sənədin şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində ölkə təcrübəsinin təkmilləşdirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılmışdır.

Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsmanının MPM fəaliyyətinə dair hesabatlarında təqdim etdiyi 200-dən çox təklif və tövsiyələrin yarıdan çoxu öz həllini tapmış və ya icraya yönəldilmişdir. Bu da başqa ölkələrlə müqayisədə əldə olunmuş nəticələr, həyata keçirilən islahatlar baxımından olduqca fərqlənir və müsbət təcrübə kimi qiymətləndirilir. Şəffaflığın təmin olunması baxımından isə, həyata keçirilən işlərlə bağlı müntəzəm olaraq mətbuat açıqlamaları, həmçinin MPM-in fəaliyyətinə dair hesabatlar Müvəkkilin rəsmi internet saytında yaradılmış xüsusi bölmədə Azərbaycan və İngilis dillərində yerləşdirilmişdir.

Regional konfransda Azərbaycan Ombudsmanının MPM qismində fəaliyyətinə dair iştirakçılar tərəfindən verilmiş çoxsaylı suallar cavablandırılmış, insan hüquqlarının effektiv təmini baxımından aparılan müzakirələr MPM-lərin fəaliyyət istiqamətləri və qarşılıqlı əməkdaşlıq baxımından səmərəli olmuşdur.

Konfrans çərçivəsində Azərbaycan Ombudsmanının MPM qismində fəaliyyətinə dair hesabatlarının nüsxələri və diskləri, illik məruzələri Penal Reform İnternational təşkilatının Cənubi Qafqaz Ofisinə təqdim olunmuşdur.