İnsan hüquqlarına dair qısametrajlı videoçarxlar müsabiqəsində qalib olan gənclər mükafatlandırılıb

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İnsan hüquqlarına dair gənclərin iştirakı ilə qısametrajlı videoçarxlar müsabiqəsi” layihəsinin qaliblərinin seçilməsi və mükafatlandırılması mərasimi keçirilib.

Milli İnsan Hüquqları Gününə həsr edilmiş həmin tədbirdə Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov qaliblərin müəyyən edilməsi üçün yaradılmış münsiflər heyətinin üzvü olaraq iştirak edib.

Təşkilatçılar tədbirin məqsəd və məramı haqqında məlumat verərək bildiriblər ki, müsabiqədə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Gənclər Evi və ya Gənclər Mərkəzlərindən ictimai fəal gənclər iştirak edib və müsabiqə çərçivəsində 21 videoçarx ərsəyə gətirilib. Bunun üçün əvvəlcə onlara tanınmış telejurnalistlərin, hüquqşünasların iştirakı ilə mövzu üzrə təlimlər keçirilməklə insan hüquqları, sosial çağırışların mahiyyəti, sosial reklamın estetikası, ictimai aktivlik, məsuliyyət barədə məlumat verilib, o cümlədən onlar videosüjetlərin çəkilişi və montajı ilə bağlı praktik biliklərə yiyələniblər. Təlimlərdə 40 nəfər ictimai fəal iştirak edib və yaradıcı gənclər onlar arasından seçilib.

Ombudsmanın nümayəndəsi çıxış edərək mərasim iştirakçılarını Müvəkkil Elmira Süleymanovanın adından salamlayıb və Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları Aylığı çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında təşkil olunan silsilə hüquqi maarifləndirmə tədbirləri zamanı insan hüquqlarının müdafiəsi və təşviqi ilə bağlı müzakirələrin aparıldığı, uşaq və gənclərin iştirakı ilə müxtəlif müsabiqələrin keçirildiyi barədə məlumat verib.

Eyni zamanda Müvəkkilin təşəbbüsü ilə hər il 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə də ənənəvi olaraq “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin keçirildiyi, Bakı şəhəri ilə yanaşı, ölkəmizin çoxsaylı şəhər və rayon məktəblilərinin qatıldığı müsabiqədə qaliblərə sertifikat və mükafatların təqdim edildiyi bildirilib.

Qeyd olunub ki, gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini insan hüquqlarının qorunmasına cəlb etmək və gənclərin insan hüquqları ilə bağlı biliklərini, vətənpərvərlik və humanizm hislərini artırmaqdan ibarət olan bu kimi müsabiqələr uşaq və gənclərin hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi baxımdan mühüm əhəmiyyətə malikdir.

Sonda münsiflər heyəti tərəfindən müəyyən olunmuş ilk üç yerin qaliblərinə müvafiq mükafatlar, müsabiqənin digər iştirakçılarına isə həvəsləndirici diplomlar təqdim edilib.

Ombudsman Aparatının əməkdaşı qalibləri Müvəkkilin adından təbrik edib və gələcək yaradıcılıq fəaliyyətlərində onlara uğurlar arzulayıb.