Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı uğurla başa çatıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin ölkəmizdəki nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə 20-21 iyun 2018-ci il tarixlərdə “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda ənənəvi olaraq Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilib. Konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr olunub və 18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları günü ilə bağlı keçirilib.

İlk olaraq iştirakçılar Fəxri Xiyabanı ziyarət edərək Ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoyub və onun xatirəsini ehtiramla yad edib, habelə akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb. İştirakçılar həmçinin Şəhidlər Xiyabanına gedərək, müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini anıblar, “Əbədi məşəl” abidəsinin önünə də əklil qoyulub.

Azərbaycan Ombudsmanının fəaliyyətində ənənəvi olan, hər il keçirilən bu beynəlxalq konfransda Türkiyə, Pakistan, Əfqanıstan, Bolqarıstan, Serbiya, Makedoniya, Rumıniya, Gürcüstan, habelə Rusiya Federasiyasının Moskva şəhəri, Tatarıstan və Dağıstan respublikalarının ombudsmanları və onların əməkdaşları, BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarlığının Cənubi Qafqaz üzrə ofisin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsi müdirinin müavini Gülnar Rəsulova, BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Qulam İshaqzai, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin müavini Bahar Muradova, digər millət vəkilləri, nazirlər və komitə sədrləri, çoxsaylı dövlət qurumlarının, beynəlxalq təşkilatların, adı çəkilən xarici ölkə səfirliklərinin nümayəndələri, universitet rektorları, tanınmış alimlər, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, QHT və KİV-lərin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ombudsman Elmira Süleymanova iştirakçıları salamlayıb, ilimizin zəngin ölkədaxili və beynəlxalq əhəmiyyətli hadisələrlə bağlı keçirilən tədbirin məqsəd və məramını açıqlayıb, Kоnfransın işinə uğurlar arzulayıb. O, vurğulayıb ki, Azərbaycan neft, təbii qaz və çeşidli qiymətli təbii sərvətləri ilə zəngin, sürətli iqtisadi inkişafına görə dünyada 35-ci, MDB ölkələri arasında birinci olan, böyük əhəmiyyətli dövlətlərarası enerji, Şərqi Qərblə birləşdirən nəhəng nəqliyyat layihələrin müəllifi və sahibi olan bir ölkədir və bu, insanların layiqli həyat, insan hüquq və azadlıqlarının təmin olunmasına zəmin yaratmışdır.

Müvəkkil Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə ətraflı məlumat verib, 100 il əvvəl, 28 may 1918-ci ildə Cümhuriyyət İstiqlal Bəyannaməsi qəbul etməklə Azərbaycanı müstəqil dövlət olmağı, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğunu, bütün vətəndaşlar, heç bir əlamətə görə ayrı-seçkiliyə yol vermədən bərabər hüquqlu olduğunu, bütün xalqların sərbəst inkişafına şəraitin yaradılması, qadınlara, bir çoxu indi məlum olan iki Paktda təsbit olunmuş siyasi və mülki hüquqlarının, o cümlədən bir çox Avropa ölkəsindən əvvəl kişilərlə bərabər seçki hüququnun verilməsini bəyan etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Cümhuriyyət müstəqil Azərbaycan dövlətinin atributlarını – indiki üç rəngli dövlət bayrağını, gerbini, himnini, nəinki müstəqil dövlətin idarəetmə qaydalarını, həm də bunun üçün zəruri orqanlarını – ilk Parlamenti, hüquq mühafizə və təhlükəsizlik orqanlarını, ilk Milli Ordunu qurub. Cümhuriyyətin 100 il əvvəl bəyan etdiyi hüquq bərabərliyi prinsipi, bütün ölkələr bu il 70 illiyini qeyd edən BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuşdur.

Lakin hərtərəfli fəaliyyət göstərən, bir çox dövlətlər tərəfindən tanınmış və diplomatik münasibətlər yaratmış Cümhuriyyət ölkədə çox ağır vəziyyətdə, tarix boyu torpaqlarımıza göz tikmiş, ağır təcavüzlər və soyqırımların ən dəhşətlisindən olan 1918-ci il mart-aprel aylarında ermənilərin törətdikləri soyqırımlardan sonra qurulmuşdur. Artıq ölkəmizdə 31 mart Azərbaycanlıların soyqırımı günü kimi və bu il 100-cü ildönümünü qeyd edilib. Elə bir vəziyyətdə 1920-ci il aprelin 27-28-də Sovet Rusiyası qoşunları erməni daşnakları ilə birgə, hələ özülü möhkəmlənməmiş, güclü büdcəsi və ordusu formalaşmamış, yalnız 23 ay ərzində ömrü olan suveren dövlətin ərazisini işğal edir və Azərbaycan o vaxtdan sonrakı Sovet İttifaqının tərkib hissəsi olur.

Ombudsman söyləyib ki, ikinci dəfə müstəqilliyi Azərbaycan xalqı, böyük qurbanlar verərək 1991-ci ilin oktyabrın 18-də qazanmış, həmin gün Azərbaycan Respublikası Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edir və özünü Xalq Cümhuriyyətinin varisi bəyan edir. 15 iyun 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyata keçirilmiş hərtərəfli, köklü, ardıcıl islahatlar nəticəsində müstəqilliyimizin yenidən özülü qurulmuş və dayanıqlı inkişaf mərhələsinə qədəm qoyulmuş, 1995-ci ildə ümumxalq müzakirəsi və səsverməsi (referendumla) ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqillik dövründə ölkəmiz BMT-nin 1966-cı ilin Siyasi və mülki hüquqları üzrə, habelə İqtisadi, sosial və mədəni hüquqlar haqqında iki məlum Paktına, habelə 230-dan çox beynəlxalq Konvensiyalara qoşulmuşdur.

E.Süleymanova Azərbaycanda hüquq bərabərliyi: qanunvericilik və icra mexanizmləri mövzusunda məruzə ilə çıxışında Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişaf, o cümlədən insan hüquqlarının təmin olunması üzrə vəziyyət haqqında ətraflı məlumat verib. O, Azərbaycanda Ombudsman təsisatının əsas qayəsini və çoxşaxəli fəaliyyətini, o cümlədən beynəlxalq əməkdaşlığını vurğulayaraq diqqətə çatdırıb ki, artıq 15 xarici Ombudsman təsisatı ilə iki tərəfli əməkdaşlıq sazişi var.

Müvəkkilin insan hüquqlarının, o cümlədən əhalinin müxtəlif qruplarının hüquqlarının təmini və müdafiəsi, Milli Preventiv Mexanizm qismində, hüquqi maarifləndirmə və digər sahələrdə çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verilib. Eyni zamanda vurğulanıb ki, hazırda 30 il davam edən Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi zəbt olunmuş, bir milyon soydaşımız ağır, kütləvi şəkildə insan hüquqları pozulmaqla qaçqın və məcburi köçkün həyatı yaşayır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu mötəbər beynəlxalq konfransın təşkilinə və dəvətə görə Ombudsmana təşəkkür edib, həmin təsisatla insan hüquqları sahəsində səmərəli əməkdaşlığı yüksək dəyərləndirb. O, Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarının qorunmasının dövlətin ali məqsədi kimi əksini tapdığını bildirib, Konstitusiya Məhkəməsinin fəaliyyəti, Müvəkkilin ünvanladığı müvafiq sorğular əsasında məhkəmənin plenumu tərəfindən qəbul olunmuş qərarlar barədə məlumat verib.

Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən məqsədyönlü işləri vurğulayaraq, bu sahədə Ombudsmanın rolunu xüsusi qeyd edib. O, təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, dövlət orqanları ilə vətəndaşlar arasında “körpü” rolunu oynayan Müvəkkilin parlamentlə, o cümlədən İnsan hüquqları komitəsi ilə əməkdaşlığını, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələrini xüsusi vurğulayıb.

BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Qulam İshaqzai çıxışında bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edildiyi 70 il ərzində mühüm işlər görülüb, demokratik respublika olan Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilib. BMT ilə Azərbaycan arasında insan hüquqları istiqamətində səmərəli əməkdaşlıq qurulub, silsilə tədbirlər keçirilir. Milli insan hüquqları təsisatlarının əhəmiyyəti bir daha vurğulanıb, Azərbaycan Ombudsmanı ilə səmərəli əməkdaşlıq yüksək qiymətləndirilib.

Sonra Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə bağlı video-klip nümayiş etdirilib.

Plenar iclasda Türkiyə Respublikasının Baş Ombudsmanı Şeref Malkoç “Qaçqınların iqtisadi və sosial inteqrasiyası və Ombudsman”, Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov “Dövlət gənclər siyasətinin prioritet istiqamətləri”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gender bərabərliyinin təmin olunmasında Azərbaycan təcrübəsi”, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova “Naxçıvan Muxtar Respublikasında əhalinin müxtəlif sosial qruplarının hüquq bərabərliyi təminatında Ombudsmanın rolu”, Əfqanıstan İslam Respublikasının Ombudsmanı Ahmad Zia Langari “Münaqişə vəziyyətində Ombudsmanın rolu”, Bolqarıstan Respublikasının Ayrı-seçkiliklə mübarizə üzrə Komissiyanın sədri Ana Dyumaliyeva “Hüquq bərabərliyinin təmini və təşviqində Ayrı-seçkiliklə mübarizə üzrə Komissiyanın çətinlikləri” mövzularında məruzələr ediblər.

“Əhali qruplarının hüquqlarının müdafiəsi: bərabər hüquqlar üçün bərabər təminatlar” mövzusuna həsr edilmiş I sessiyada Azərbaycan Respublikasının  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin mavini Natiq Məmmədov “Əhalinin həssas qruplarının sosial müdafiəsi məsələləri”, Ədliyyə nazirinin müavini Məhərrəm Əliyev “Hüquq bərabərliyi prinsipinin həyata keçirilməsində ədliyyə təsisatlarının rolu”, Dağıstan Respublikası Ombudsmanı Camal Aliyev “Azadlıqdan məhrum etmə yerlərində vətəndaşların hüquq və azadlıqlarının təmin olunması”, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi: mövcud vəziyyət və çətinliklər”, Serbiya Ombudsmanı Zoran Paşaliç “Serbiya Respublikasında gender bərabərliyi”, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Dini etiqad azadlığının müdafiəsi: Azərbaycan təcrübəsi” üzrə məruzələri dinlənilib.

“Hüquq bərabərliyinin təmini və təşviqində beynəlxalq və milli müdafiə mexanizmləri” mövzusuna həsr edilmiş II sessiyada isə Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Namiq Əsgərov “Qanunların icra və tətbiq olunmasına Prokuror nəzarəti insan hüquq və azadlıqlarının səmərəli hüquq müdafiə vasitəsi kimi”,  Daxili işlər nazirinin müavini İsmət Əliyev “İnsan hüquqlarının müdafiəsi sahəsində polis orqanlarının fəaliyyəti”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev “Soyqırım cinayətlərinə görə beynəlxalq hüquqi məsuliyyət”, Tatarıstan Respublikasının Ombudsmanı Sariya Saburskaya “Məhkumların cəza müddəti və sonrakı dövrdə hüquqlarının təmininə dəstək: İnsan hüquqları üzrə Müvəkkilin dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə əlaqələri”, Moskva şəhəri Ombudsmanı Tatyana Potyayeva “İnsan hüquqlarının müdafiəsi sahəsində Moskva Ombudsmanının fəaliyyəti”, Makedoniyanın Ombudsmanı İdcet Memeti “Makedoniya Respublikasının Ombudsmanı: başlanğıc, inkişaf və çətinliklər”, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni “İnsan hüquqlarının müdafiəsi və təşviqində QHT-lərin rolu” mövzularında məruzələr ediblər.

Sonra konfransın birinci iş günü səmərəli müzakirələrlə davam edib.

E.Süleymanova yekunda vurğulayıb ki, əməkdaşlıq qurulan zaman yol xəritəsi kimi, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri, həm də BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının “İnsan hüquqlarının müdafiəsinə qalx” çağırışı, hüquq bərabərliyinin təmin olunması və bunun təşviq edilməsi, habelə hər bir örnək üçün prioritet olan insan hüquqlarının və hüquq bərabərliyinin pozulmasına ən böyük təhlükələr törədən müharibə və hərbi münaqişələr, ksenofobiya və islamofobiya ilə mübarizə yolları diqqət mərkəzində olacaq.

Beynəlxalq konfrans işini iyunun 21-də davam etdirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında təsisatın işi ilə tanışlıq olub, iştirakçıların təcrübə və fikir mübadiləsi aparılıb. Sonra yekdilliklə Bakı Bəyannaməsi qəbul edilib.

Qeyd olunmalıdır ki, həmin gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tərəfindən konfrans iştirakçıları qəbul edilib və bu rəsmi görüşlərdə səmərəli fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində qonaqlar Azərbaycan Ombudsman təsisatında hazırlanmış çoxsaylı hüquqi nəşrlərin nümayiş etdirildiyi, həmçinin Azərbaycan həqiqətləri barədə müxtəlif ədəbiyyatdan ibarət sərgilərə maraqla baxıblar. Ölkəmizin aparıcı KİV-ləri, televiziyalar, qəzetlər və informasiya portalları bu beynəlxalq konfransı böyük maraqla izləyib və geniş işıqlandırıb. Ombudsman bir çox kütləvi informasiya vasitələrinə müsahibələr verib.