Ombudsman Aparatının əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

4–8 iyun 2018-ci il tarixlərində Finlandiyanın paytaxtı Helsinki şəhərində Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) növbəti Akademiyası keçirilib. Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsi (ENNHRI) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) birgə təşkilatçılığı, Finlandiya İnsan Hüquqları Mərkəzinin dəstəyi ilə keçirilmiş Akademiyaya 20-dən çox ölkədən Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələri qatılıblar.

Akademiyada Azərbaycanın milli insan hüquqları təsisatı funksiyalarını icra edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin Hüquqi təhlil və hesabatlar sektorunun böyük  məsləhətçisi Şəbnəm Qəmbərova da iştirak edib.

Akademiyanın keçirilməsində əsas məqsəd DTİHB və ENNHRI-nin resursları və iş təcrübələrini daha dəqiq başa düşmək, iştirakçıların təmsil etdikləri təşkilatlarının gündəlik işini Paris Prinsiplərinin əsasında təşkili, insan hüquqları üzrə qanunvericilik proseslərinə tövhə vermələri üçün iştirakçıların bacarıqlarını artırmaq, eyni zamanda MİHT-lər arasında təcrübə mübadiləsini asanlaşdırmaq və şəbəkəni inkişaf etdirmək, DTİHB, ENNHRI və digər beynəlxalq, regional və milli maraqlı tərəflər arasında inteqrasiyanı gücləndirməkdən ibarət olub.

Sayca 5-ci olan Akademiyanın sessiyaları Milli İnsan Hüquqları Təsisatlarının fəaliyyətində gender məsələləri, onların qanunvericilik prosesində rolu, mövcud qanunvericiliyin monitorinqi və qiymətləndirilməsi, insan hüquqları müdafiəçilərinə əlverişli şəraitin yaradılması kimi mövzulara həsr edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən ATƏT DTİHB-nin İnsan Hüquqları Departamentinin rəhbəri Omar Fişer və DTİHB nümayəndəsi Katrien Müvissen təmsil etdikləri qurum və Akademiya barədə təqdimat edib və iştirakçılara uğurlar arzulayıblar. Finlandiyanın İnsan Hüquqları Mərkəzinin (FHRC) direktoru Sirpa Rautionun, ENNHRI sədri, Xorvatiyanın Ombudsmanı Lora Vidoviçin, “Seidenstiker coaching and consulting” rəhbəri Frauke Seidenstikerin, ATƏT-dən və müxtəlif MİHT-lərdən dəvət olunmuş digər ekspertlərin çıxışları, mövzulara uyğun olaraq təqdimatları maraqla dinlənilib.

Azərbaycan Ombudsman Aparatının nümayəndəsi təmsil etdiyi “A” statusu ilə akkreditasiya olunmuş təsisatın BMT-nin Paris Prinsiplərinə uyğun olaraq fəaliyyət göstərdiyini, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında müstəqil Ekspertlər Şurasının fəaliyyəti, burada çoxsaylı müxtəlif profilli qeyri-hökumət təşkilatlarının təmsil olunması barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

MİHT-lərin 2018-ci il üzrə Akademiyasının mövzularına nəzər salaraq, Ombudsmanın milli insan hüquqları təsisatı kimi vətəndaş cəmiyyəti və hökumət arasında “körpü” rolunu oynadığını, bu sahədə müxtəlif yönlü fəaliyyət, o cümlədən 2018-ci ilin 20-21 iyun tarixlərində Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının “Hüquq bərabərliyin təmin olunmasında və təşviqində Milli İnsan Hüquqları Təsisatlarının rolu” mövzusunda keçiriləcəyi Akademiya iştirakçılarına bildirilib.

Ombudsman Aparatının nümayəndəsi tədbir çərçivəsində təşkil ounmuş tematik sessiyalar və qrup çalışmalarında Müvəkkil Elmira Süleymanovanın əhalinin müxtəlif qruplarının hüquqları üzrə ixtisaslaşmış məruzəçilərinin fəaliyyət istiqamətləri, təsisatın BMT-nin UDİ mexanizmi çərçivəsində həyata keçirtdiyi və ən yaxşı təcrübə kimi dəyərləndirilən fəaliyyəti, ictimai dinləmələr, uşaq hüquqları sahəsində pilləli tədris proqramı və bu kimi digər təşəbbüsləri, həmçinin qadın hüquqları sahəsində görülən işlər, qızların təhsildən yayınması, erkən nikahlarla mübarizə üzrə Ombudsmanın fəaliyyəti, onun irəli sürdüyü təkliflərin bir sıra qanunvericilik aktlarında, o cümlədən “Gender (kişi və qadın) bərabərliyinin təmini”, “Məişət zorakılığının qarşısının alınması” qanunlarında nəzərə alınması və ümumiyyətlə Müvəkkilin insan hüquqlarının tədrisi və təşviqi üzrə səlahiyyətli qurumlara irəli sürdüyü 600-dən çox təklifin yarıdan çoxunun qəbul olunub həyata keçirilməsi və s. haqqında məlumat verib.

Tədbir çərçivəsində Finlandiya İnsan Hüquqları Mərkəzində DTİHB və ENNHRİ arasında Anlaşma Memorandumunun təntənəli imzalanma mərasimi təşkil olunub. Azərbaycan Ombudsman Aparatının əməkdaşı Mərkəzin rəhbəri Sirpa Rautioya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın salamlarını çatdırıb, təsisat barədə məlumat əks etdirən müxtəlif materiallar və xatirə hədiyyələrini təqdim edib.

Yekunda Ombudsmanın nümayəndəsi Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin təsis etdiyi Akademiyanın sertifikatı ilə təltif olunub.