Liderlik Məktəbində ekoloji hüquqlara dair maarifləndirmə tədbiri keçirilib

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdindəki, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dək şagirdi birləşdirən Liderlik Məktəbində ötən illərdə olduğu kimi, ekoloji hüquqlarla əlaqədar interaktiv maarifləndirmə tədbiri keçirilib.

Uşaqların ətraf mühitin qorunması, yurd sevgisi, zəngin təbii sərvətlərimizdən səmərəli istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına yönəlmiş növbəti ekoloji tədbirdə İnsan Hüquqları üzrə Müvəkkili Aparatının məsul əməkdaşları Faiq Ağayev və Gülnar Rəhimova, Liderlik Məktəbinin üzvləri və valideynləri iştirak ediblər.

Faiq Ağayev tədbiri açaraq, ölkəmizin həyatında may ayına təsadüf edən bir sıra vacib tarixi günləri – 8 may Şuşanın işğal olunması günü, 10 may Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, habelə tədbirin məqsəd və məramı barədə uşaqlara məlumat verib.

Ombudsmanın Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova çıxışında Ulu öndər Heydər Əliyevin digər istiqamətlərdə olduğu kimi, rəhbərliyi altında ekoloji sahədə həyata keçirilən mühüm tədbirlər, eyni zamanda Ümummilli liderimizin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hal-hazırda tapşırıqları ilə müvafiq sahədə mühüm işlər aparıldığı, ekoloji tarazlıq balansının gözlənilməsi üzrə tədbirlər görüldüyü, əhalinin ekoloji hüquq və vəzifələrinin həyata keçirildiyi, həmin istiqamətdə maarifləndirmənin təmin edildiyi barədə ətraflı məlumat verib.

O, eyni zamanda ölkədə gənc ekoloqlar siyasətini irəli çəkən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “İDEA” təşkilatının gənc nəslin ətraf mühitin qorunması sahəsində apardıqları işlər barədə, habelə Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan ərazilərində həyata keçirilmiş ekoloji terror haqda prezentasiyaları təqdim edib.

G.Rəhimova çıxışında Ombudsmanın insan hüquqları, o cümlədən ekoloji hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, ekoloji mədəniyyətin təbliği və formalaşdırılması istiqamətində keçirdiyi tədbirlər, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya Departamenti birgə tədbirlərin təşkil olunduğu barədə ətraflı məlumat verib.

Bir sıra mühüm beynəlxalq ekoloji günlər, o cümlədən Beynəlxalq Yer günü, Ümumdünya Ətraf Mühitin və Beynəlxalq Ozon qatının mühafizəsi günləri diqqətə çatdırılıb.

Sonra iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılıb.

İnteraktiv fəaliyyət mühitində keçirilən tədbir gənc nəslin ekoloji davranışı, şəxsiyyətin ahəngdar inkişafına yönələn mühüm maarifləndirmə tədbiri kimi dəyərləndirilməlidir.