Ombudsmanın nümayəndəsi elmi-praktik konfransda iştirak edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın Milli İnkişaf Strategiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Müxtəlif dövlət qurumlarının, professor-müəllim heyətinin, o cümlədən elmi tədqiqatçıların qatıldığı konfransda mövzu üzrə gənc tədqiqatçıların məruzələri dinlənilib.

Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə konfransda iştirak edərək “Vətəndaş cəmiyyəti institutlarının hüquqi dövlətdə rolu” mövzusunda məruzə ilə çıxış edib.

O, çıxışında davamlı inkişaf və müasir çağırışlar kontekstində dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının vacibliyini vurğulayıb.

Ölkədə milli insan hüquqları təsisatı olaraq Ombudsmanın vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığı və perspektivlər, vətəndaş cəmiyyətinin başlıca prinsiplərindən biri kimi, ictimai həyatın bütün sahələrində vətəndaş təşəbbüskarlığının və iştirakçılığının artırılmasının dəstəklənməsi, bu sistemə daxil olan subyektlərin formalaşması və milli qanunvericilikdə təsbiti məsələləri diqqətə çatdırılıb.

Konfrans mövzu üzrə məruzələrə dair qarşılıqlı müzakirələr və tədqiqatçıların təqdimatları əsasında canlı diskussiya şəraitində davam etdirilib.