Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti mühazirə Penitensiar Xidmətə qulluğa qəbul ediləcək namizədlərə ünvanlanmışdır

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə əməkdaşlıq üzrə tədris müəssisəsinin icbari təlim kurslarının proqramına Ombudsmanın MPM fəaliyyəti ilə bağlı mövzular da daxil edilmişdir.

Bu baxımdan növbəti mühazirə “Ombudsmanın MPM fəaliyyəti çərçivəsində Penitensiar müəssisələrə keçirilən başçəkmələr: milli və beynəlxalq təcrübə kontekstində” mövzusunda olmuş və Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən Penitensiar Xidmətin orta rəis heyətinə qulluğa qəbul ediləcək namizədlərə tədris olunmuşdur.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Ombudsmanının MPM funksiyalarını yerinə yetirən təsisat qismində fəaliyyəti, ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən başçəkmələr, müəyyən edilmiş çatışmazlıqlar, aradan qaldırılması ilə bağlı verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar, habelə rəftar və saxlama şəraiti ilə bağlı uğurlu yanaşma nümunələri milli və xarici ölkə, habelə SPT, CPT, APT və digər təsisatların, beynəlxalq təşkilatların təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılmışdır.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı “İstanbul Protokolu”, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartları, habelə əlaqəli şəkildə milli qanunvericilik aktları tədris olunmuşdur.

Dinləyicilərə Ombudsman Elmira Süleymanovanın təşəbbüsləri və təklifləri də nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, Müvəkkilin  insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti, beynəlxalq standartlar əsasında rəftar məsələləri və saxlama şəraitinin araşdırılmasında göstərdiyi yanaşmalar haqqında geniş məlumat verilmişdir.

Ölkə Ombudsmanının MPM qismində fəaliyyəti dinləyicilər tərəfindən maraqla qarşılanmış, onların çoxsaylı sualları ətraflı cavablandırılmışdır. 

Mətbuat xidməti