Bakıda Ombudsmanın iştirakı ilə seçkilərlə əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə yekun zona seminar-müşavirəsi keçirilib

Xəbər verildiyi kimi, qarşıdakı Prezident seçkiləri ilə əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası (MSK), Daxili İşlər Nazirliyi (DİN) və Ombudsmanın iştirakı ilə silsilə zona seminar-müşavirələri keçirilib. Bundan əvvəl belə tədbirlər Gəncə, Şirvan və Şəki şəhərlərində təşkil olunub.

Yekun zona seminar-müşavirəsi Bakı şəhərində DİN-in Baş Mühafizə İdarəsinin akt zalında keçirilib. Bu tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, MSK-nın üzvləri İlham Məmmədov və İlkin Şahbazov, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi Profilaktik işin təşkili idarəsinin rəisi, polis polkovniki Əziz Baqişev, DİN Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovniki Daşqın Mehdiyev, Bakı Şəhər Baş Polis İdarəsinin, Bakı şəhər rayonlarının, habelə Sumqayıt, Abşeron, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Qubadlı və Zəngilan polis idarə və şöbələrinin məsul əməkdaşları, 43 dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Eyni zamanda seminar-müşavirəyə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ölkəmizdə seçki prosesini izləyən uzunmüddətli müşahidə missiyasının üzvləri, Belarusdan olan İrina Şuliankova və ABŞ-dan Gregoire Houel, həmçinin İsrail-Azərbaycan Hüquq Mərkəzinin YYSİB Azərbaycan-İsrail Geopolitik Mərkəzindən olan nümayəndələr İsmayıl Zalov və İlham Kərimov, KİV-lərin təmsilçiləri qatılıblar.

Açılış sözü və məruzə ilə çıxış edən Ombudsman qarşıdakı Prezident seçkilərinin demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin və xalqımızın həyatında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, bundan əvvəl Gəncə, Şirvan və Şəki şəhərlərində keçirilmiş silsilə zona seminar-müşavirələrinin, habelə Bakıda yekun tədbirin məqsəd və məramını diqqətə çatdırıb.

Müvəkkil bu tədbirin xalqımız üçün olduqca ağır günlər olan Azərbaycanlıların Soyqırımının 100-cü və Kəlbəcərin işğalının 25-ci ildönümlərinə təsadüf etdiyini bildirərək, ölkəmizdə qeyd olunan həmin faciələr haqqında məlumat verib. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin günahsız qurbanlarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Eyni zamanda diqqətə çatdırılıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi də qeyd edilir, ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi hadisədir. Cümhuriyyətdə müstəqil dövlətin əsas fəaliyyət prinsipləri, insan hüquqları prioritet kimi bəyan edilmiş, qadınlara digər hüquqlarla yanaşı, kişilərlə bərabər seçki hüququ da verilmişdir. Lakin 1920-ci ildə süqutu Xalq Cümhuriyyətinin yaratdığı demokratik dəyərlərə son qoydu.

Ombudsman çıxışında Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra hərtərəfli, o cümlədən seçki hüquqları ilə bağlı islahatların həyata keçirildiyini, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasının seçki hüquqlarına aid 56-cı maddəsinə əsasən, ölkə vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnun olduğunu söyləyib, bu hüquqlar haqqında ətraflı məlumat verib. O, vurğulayıb ki, Venesiya Komissiyasının tövsiyələrinə və beynəlxalq standartlara uyğun olaraq, ölkəmizdə seçki hüquqları sahəsində qanunvericilik, Seçki Məcəlləsi daha da təkmilləşdirilmiş, bu sənədə zəruri əlavə və dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Prezidentinin mühüm əhəmiyyət kəsb edən 11 may 2005-ci il və 25 oktyabr 2005-ci il tarixli müvafiq sərəncamlarının əsas müddəaları Seçki Məcəlləsində nəzərə alınmış, bu sənədlərdə icra hakimiyyəti və polis orqanlarının, hər hansı bir qurumun, vəzifəli şəxsin seçki prosesinə müdaxiləsinin yolverilməzliyi göstərilmişdir.

Bildirilib ki, insan hüquqları, o cümlədən seçki hüquqları sahəsində Ombudsman təsisatı ilə MSK və DİN arasında əməkdaşlıq, birgə maarifləndirmə tədbirləri davam etdirilir və hazırkı zona seminar-müşavirələr də bunun göstəricisidir.

Sonra Müvəkkil seçki hüquqları baxımından və müvafiq qanunvericiliyə görə polis əməkdaşlarının xidməti vəzifələrinin təşkili, polis orqanlarının üzərinə düşən vəzifələr haqqında iştirakçılara ətraflı məlumat verib.

Habelə nəzərə çatdırılıb ki, seçki hüquqlarının təmin olunması sahəsində müsbət praktika kimi, Ombudsman, Aparatının əməkdaşları və regional mərkəzlərinin nümayəndələri ölkəmizdə keçirilmiş seçkiləri müstəqil müşahidəçi qismində paytaxt və rayonlarda izləmiş, kifayət qədər təcrübə toplamışlar. Belə ki, seçki günü Aparatın əməkdaşları olan hər bir müşahidəçi yerlərdəki məlumatı hər saatdan bir Bakının bütün rayonlarında müşahidə aparan Ombudsmana ötürür və o, səsvermə vəziyyəti barədə müvafiq məlumatı operativ şəkildə MSK-ya və MSK-nın İnformasiya Mərkəzindən KİV vasitəsilə ictimaiyyətə çatdırır. Belə müşahidələrin qarşıdakı seçkilərdə də aparılacağı bildirilib.

Polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə bundan əvvəl Gəncə, Şirvan və Şəki şəhərlərində yüksək fəallıqla və interaktiv müzakirələr şəraitində keçirilmiş silsilə zona seminar-müşavirələrin nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, həmin tədbirlərdə MSK-nın üzvləri və əməkdaşları, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, çoxsaylı dairə seçki komissiyalarının sədrləri, dövlət qurumlarının, o cümlədən həmin zonalar üzrə şəhər və rayonların polis idarə və şöbələrinin məsul əməkdaşları, habelə tədbirlərə ATƏT-in DTİHB-in ölkəmizdə seçki prosesini izləyən uzunmüddətli müşahidə missiyasının təmsilçiləri, İsrail-Azərbaycan Hüquq Mərkəzinin YYSİB Azərbaycan-İsrail Geopolitik Mərkəzindən olan nümayəndələri iştirak ediblər.   

Seminar-müşavirələrin hər birində seçki hüquqlarının daha səmərəli təmin olunması ilə bağlı Ombudsmanın təklif və tövsiyələri verilib, interaktiv şəraitdə, yüksək fəallıqla keçən müzakirələr zamanı çoxsaylı dairə seçki komissiyalarının sədrləri və rayon polis şöbələrinin məsul əməkdaşları seçkilərə hazırlıq, seçki qanunvericiliyinə əsasən, zəruri tədbirlərin görülməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması vəziyyəti, bu sahədə seçki komissiyaları ilə polis orqanlarının, VVAQ, hərbi komissarlıqlar, bələdiyyələrlə fəal və birgə iştirakları, seçkilərlə bağlı polis əməkdaşları üçün Yaddaş kitabçaları ilə təmin olunduqları və seçki gününə tam hazır olduqları barədə məlumat verib, təcrübələri ilə bölüşərək sualları cavablandırıblar.

Bildirilib ki, Ombudsman Gəncə, Şirvan və Şəki şəhərlərinə səfərləri zamanı yüksək səviyyədə təmir edilmiş və müasir avadanlıqla, elektrik enerjisi, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş bir sıra dairə seçki komissiyalarının və seçki məntəqələrinin binalarına, iclas zallarına, kompüter və digər otaqlara baş çəkmiş, müvafiq seçki komissiya üzvlərinin fəaliyyəti ilə tanış olmuş, seçici siyahıları, daşınmaz və daşınan seçki qutuları, seçki kabinalarının, seçki hüquqları üzrə əlaqədar nəşrlər, vəsaitlər və plakatların, bəzi seçki məntəqələrində veb-kameraların olduğunu müşahidə etmiş, seçki hüquqları ilə əlaqədar müzakirələr apararaq tövsiyələr vermişdir.

Habelə adı çəkilən şəhərlərdə seçkiqabağı təşviqatın aparılması zamanı kütləvi tədbirlərin, toplantıların keçirilməsi üçün ayrılmış, geniş meydanlarda və stadionlarda açıq, həmçinin böyük zallarda, lazımi şəraitlə təmin olunmuş qapalı yerlərə baxış keçirilib. Ümumilikdə həmin zona seminar-müşavirələrinin, müvafiq müşahidələrin nəticələrinə görə, həmin yerlərdə seçkiyə hazırlığın yüksək səviyyədə təşkili, seçki hüquqlarının təmin edildiyi müəyyən olunmuşdur.

Hazırda seçkiqabağı təşviqatın aparılması mərhələsi zamanı hər bir namizədə bərabər imkanlarla seçicilərə öz platformalarını bildirmək üçün İctimai Televiziyada və İctimai Radioda ödənişsiz efir vaxtının verilməsinin də əhəmiyyəti nəzərə çatdırılıb.

Müvəkkil ötən dövrlər ərzində ölkəmizdə seçki hüququnun, seçki proseslərinin və praktikasının təkmilləşməsinə yönəlmiş çoxsaylı tədbirlər haqqında məlumat verib. Bütün bu toplanmış müsbət təcrübənin qarşıdakı seçkilərin pozuntulara yol verilmədən, mütəşəkkil qaydada keçirilməsi üçün real zəmin yaratdığı vurğulanıb.

Ombudsman ötən illərdə seçki prosesində həyata keçirdiyi fəaliyyəti nəticəsində toplanmış təcrübəni, habelə silsilə zona seminar-müşavirələrinin nəticələrini nəzərə alaraq, seçki hüquqlarının daha da səmərəli təmin olunması ilə bağlı təklif və tövsiyələrini verib. Seçkilərdə əhalinin fəallığının təmin olunması, səsvermədə iştirakının təmini məqsədilə əhali ilə görüşlər və məlumatlandırma tədbirlərinin keçirilməsi, paytaxt və rayonlarda bələdiyyələri və icmaları cəlb etməklə seçki hüquqları ilə bağlı birgə maarifləndirmə işinin daha da genişləndirilməsi, seçki hüquqları və seçki prosesinin təkmilləşdirilməsi ilə bağlı əhaliyə ətraflı məlumatların çatdırılması, polis, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) orqanları, hərbi komissarlıq, icmalar və bələdiyyələrlə birlikdə seçici siyahılarının müntəzəm olaraq seçki gününədək təkmilləşdirilməsi, əlavə siyahıların tutulmasına xüsusi diqqət yetirilməsi, hər bir kəsin, o cümlədən əlilliyi olan şəxslərin fərdi şəkildə müstəqil səs verməsi və iradəsinin ifadə etməsi, vətəndaşlara öz seçimini etmək üçün şəraitin yaradılmasına nəzarət, habelə sərbəst və maneəsiz toplaşmaq üçün ayrılmış açıq və qapalı yerlərdə lazımi şəraitin yaradılması vəziyyətinin yoxlanılması və müşahidə edilməsi, maarifləndirmə məqsədilə daha çox kliplərin və videoroliklərin nümayiş etdirilməsi və digər təkliflər bu qəbildəndir.

MSK-nın üzvləri İlkin Şahbazov və İlham Məmmədov seçki hüquqlarının təmini sahəsində səmərəli fəaliyyətinə, əməkdaşlığa, bu tədbirdə iştirakına və təkliflərinə görə Ombudsmana minnətdarlıqlarını bildiriblər. Onlar çıxışlarında seçki qanunvericiliyi, seçki sistemi, seçki subyektləri, onların hüquq və vəzifələri, səsvermə prosesinin mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları, bu sahədə təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat veriblər, habelə praktiki əhəmiyyətli məsələləri diqqətə çatdırıblar.

DİN Baş İctimai Təhlükəsizlik İdarəsi Profilaktik işin təşkili idarəsinin rəisi, polis polkovniki Əziz Baqişev polis əməkdaşlarının seçkilərlə əlaqədar xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün belə maarifləndirmə tədbirlərinin zəruriliyini vurğulayıb, seçki kampaniyası dövründə və səsvermə günü ictimai asayişin təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, eyni zamanda seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və MSK-ya gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzrə polis orqanlarının fəaliyyəti haqqında məlumat verib.

Yüksək fəallıqla və interaktiv şəraitdə keçən səmərəli müzakirələr zamanı bir sıra dairə seçki komissiyalarının sədrləri, o cümlədən qadın sədrlər, polis idarə və şöbələrinin məsul əməkdaşları seçki qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi, seçkilərə hazırlıq, seçici siyahılarının dəqiqləşdirilməsi, vətəndaşların, o cümlədən penitensiar müəssisələrdə saxlanılanların şəxsiyyət vəsiqələri ilə təmin olunması vəziyyəti, seçki hüquqları sahəsində seçki komissiyaları ilə polis orqanlarının fəal və birgə iştirakı, bu istiqamətdə maarifləndirmə tədbirləri, seçkilərlə bağlı polis əməkdaşları üçün Yaddaş kitabçaları ilə təmin edildikləri, habelə seçki gününə tam hazır olunduğu barədə məlumat veriblər. Həmin şəxslər təcrübələri ilə bölüşüb, onların sualları ətraflı cavablandırılıb.

Yekunda E.Süleymanova bu zona seminar-müşavirələrinin əhəmiyyətini bir daha vurğulayıb, fikir mübadiləsinin, seçki qanunvericiliyini dərindən öyrənməyin vacibliyini diqqətə çatdıraraq, seçkilər ərəfəsində hazırlıq işlərinin mütəşəkkil davam etdirilməsini tövsiyə edib, toplanmış müsbət təcrübənin bu seçkilərin də demokratik, ədalətli, şəffaf, Konstitusiyamıza, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə, əhalinin yüksək fəallığı və dəstəyi ilə keçirilməsinə real şəraitin yaratdığını bildirib.

Mətbuat xidməti