Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, ünvanına daxil olmuş müraciətləri araşdırmaq məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına və DİN Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4 və 7, Əzizbəyov RPİ-nin 1 və 2-ci polis bölmələrinə və bu polis idarəsinin müvəqqəti saxlanma təcridxanasına (MST) baxış keçirmişlər.
Müvəkkilin nümayəndələri həmin müəssisələrdə saxlanılan şəxslərlə görüşüb söhbət aparmış, onlara hüquqlarını izah etmişlər. Görüş zamanı həmin şəxslər saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini qeyd etmiş, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını söyləmişlər.
Aparatın əməkdaşları 3 saylı istintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4 maddəsi ilə saxlanılan və hazırda aclıq aksiyası keçirən İ.R. ilə görüşmüşlər. Söhbət zamanı o, Nərimanov Rayon Polis İdarəsi istintaq şöbəsinin müstəntiqi tərəfindən barəsində açılmış cinayət işinin qeyri-obyektiv aparılmasına və yekunlaşdırılaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilməsinə etiraz olaraq aclıq aksiyasına başladığını və məhkəməyə getməkdən imtina etdiyini bildirmişdir.
Müvəkkilin nümayəndələri həmin şəxsə səhhətinə ziyan vuran aclıq aksiyasını dayandırmağı tövsiyə etmiş, habelə Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını, Müvəkkilin səlahiyyətlərini izah etmişlər.
Adı çəkilən istintaq təcridxanasına, polis bölmələrinə və MST-yə ümumi baxış keçirilmiş, bu müəssisələrin rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.
|