Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 20 iyun 2009-cu il tarixdə – Ümumdünya Qaçqınlar günündə Ramanada salınmış 450 evdən ibarət Yeni qəsəbədə məskunlaşmış şuşalı məcburi köçkünlərlə görüşmüş, onların vəziyyəti, yaşayış şəraiti ilə tanış olmuş, çətinliklərini və problemlərini öyrənmişdir. Qeyd olunmalıdır ki, burada yaşayan məcburi köçkünlərə bir, iki, üç otaqlı mənzillər, habelə hər ailəyə 12 sot torpaq sahəsi verilmiş, qəsəbədə sakinlərin ambulator müalicəsi üçün şərait yaradılmış, müasir avadanlıqla təchiz edilmiş tibb məntəqəsi açılmışdır.
Həmin qəsəbədə məcburi köçkün uşaqların təhsil aldığı Malıbəyli kənd orta məktəbində keçirilmiş görüşdə həmçinin Azərbaycan Respublikası Dövlət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Komitəsi Aparatının rəhbəri T.Məmmədov, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini E.Ələkbərov, Malıbəyli kənd icra nümayəndəsi M.Babayev iştirak etmişlər.
Ombudsman Qarabağ müharibəsində həlak olmuş oğul və qızlarımızın əziz xatirəsini qeyd etmişdir. O, Azərbaycanın tarixi mədəniyyət beşiyi olan Şuşa şəhərinin, digər şəhər, rayon və kəndlərimizin işğalının Ermənistanın Azərbaycana qarşı uzun illərdən bəri yürütdüyü təcavüzün, etnik təmizləmə siyasətinin tərkib hissəsini təşkil etdiyini, ölkə əhalisinin hər səkkiz nəfərindən birinin qaçqına və məcburi köçkünə çevrildiyini, onların insan hüquqlarının kütləvi şəkildə, eyni zamanda beynəlxalq hüquq normaları və prinsiplərinin kobudcasına pozulduğunu söyləmişdir. Müvəkkil bu təcavüzlə bağlı nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına Bəyanatlar ünvanladığını, həmin sənədlərdə səlahiyyətli beynəlxalq qurumlar tərəfindən Ermənistan dövlətinə qarşı sanksiyaların tətbiq olunmasını tələb etdiyini vurğulamışdır. E.Süleymanova vaxtilə ulu öndər Heydər Əliyevin öz yurdunda qaçqına və məcburi köçkünə çevrilmiş insanlara göstərdiyi böyük qayğı və diqqəti vurğulamış, onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin həlli üzrə səylərini və təşəbbüslərini, Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın qaytarılması istiqamətində yorulmaz fəaliyyət göstərdiyini bildirmişdir. Son illər Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin çoxsaylı problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər, bu kateqoriyadan olan insanların statusunun müəyyənləşdirilməsi üzrə görülən işlər, Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktur ilə təmin olunmuş yeni qəsəbələr barədə ətraflı məlumat verilmişdir. Ombudsman qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə ölkədə qəbul edilmiş Dövlət Proqramının əhəmiyyətini qeyd etmişdir. Heydər Əliyev Fondunun uşaqların, həmçinin məcburi köçkün ailələrindən olan uşaqların təhsili, sağlamlığı, fiziki və ahəngdar inkişafının təmin olunması istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirlər diqqətə çatdırılmışdır.
Müvəkkil Qarabağ müharibəsinin ilk illərindən etibarən mütəmadi olaraq cəbhə xəttinə səfərlər etdiyini, ağır döyüşlərdə iştirak edən əsgərlərlə, hələ o vaxt çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərlə dəfələrlə görüşdüyünü, ərzaq və tibb yardımları təşkil etdiyini, yeni salınmış qəsəbələrdə, o cümlədən Füzulidəki “Qayıdış” qəsəbələrində görüşləri zamanı bu kateqoriyadan olan insanların ehtiyaclarını, habelə buradakı məktəb və uşaq bağçalarının problemlərini öyrəndiyini və həllində kömək göstərdiyini vurğulamışdır. Son çadır düşərgəsinin ləğv olunması ilə bağlı keçirilmiş tədbirdə Ombudsmanın iştirak etdiyi diqqətə çatdırılmışdır.
Görüşdə Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini E.Ələkbərov, Malıbəyli kənd orta məktəbinin müəllimi G.Hüseynova və qəsəbənin başqa sakinləri onların vəziyyəti ilə maraqlandığı, onlara dəstək verdiyinə görə Müvəkkilə təşəkkürlərini bildirmişlər. Əvvəllər məskunlaşdıqları sanatoriyada müəyyən çatışmazlıqlarla üzləşdikləri, köçkün uşaqların təhsili ilə bağlı çətinliklərin olduğu, hazırda isə burada məcburi köçkün uşaqların təhsil və tədris şəraitinin yaxşılaşdırıldığı qeyd olunmuşdur.
Məcburi köçkünlər işğal olunmuş doğma torpaqlara qayıtmaq arzularını ifadə etmiş, beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin diqqətinin bu mühüm, həlli vacib problemin həllinə yönəltməyin zəruriliyini vurğulamışlar. Onlar Yeni qəsəbədə uşaq bağçasının, yeni iş yerlərinin açılmasında, qəsəbəyə aparan yolun təmirinin sürətləndirilməsində yardımçı olmağı Müvəkkildən xahiş etmişlər.
Ombudsman qəsəbə sakinlərinin qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edəcəyini və səlahiyyətləri çərçivəsində yardımçı olacağını diqqətə çatdırmışdır.
Görüş başa çatdıqdan sonra Müvəkkil bir neçə məcburi köçkünün müraciətlərini dinləmiş, onlara hüquqlarını və Ombudsman haqqında qanunun müddəalarını izah etmişdir. Məcburi köçkünlərdən biri azyaşlı oğlunun ürək çatışmazlığından əziyyət çəkdiyini, onun müalicəsində kömək göstərilməsini Ombudsmandan xahiş etmişdir. Müvəkkil bu məsələdə ona kömək edəcəyini söz vermişdir.
E.Süleymanova Malıbəyli kənd orta məktəbinə baxış keçirmiş, sinif otaqlarına, fənn kabinetlərinə, idman zalına baxmış, ona birinci sinifdən başlayaraq on birinci sinfədək bütün şagirdlərə kompüter bilgiləri aşılanması barədə məlumat verilmişdir.
Ombudsman məcburi köçkün ailəsində olmuş, yaşayış şəraiti, ailənin iqtisadi durumu, məşğuliyyəti, məişət problemləri ilə maraqlanmışdır. Bu ailənin yaşadığı mənzilin, o cümlədən qəsəbədəki digər yaşayış evlərinin işıq və qazla təmin olunduğu, telefonlaşdırıldığı bildirilmişdir.
|