Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ötən ilin aprelində Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkilinin keçirdiyi beynəlxalq konfransda iştirak etdiyi günlərdə Kiyev şəhərindəki kardioloji mərkəzdə də olmuş, ən müasir tibbi avadanlıqla təchiz edilmiş “Ürək” Mərkəzinin rəhbəri, professor Boris Todurovla görüşmüşdür. E.Süleymanova görkəmli tibb aliminə Azərbaycanda, o cümlədən regionlarda yüksək təminatlı diaqnostik mərkəzlərin yaradıldığını, ürək üzərində cərrahiyyə əməliyyatlarının aparıldığını bildirmişdir
Az sonra Ombudsmanın təşəbbüsü və Səhiyyə Nazirliyinin dəstəyi ilə professor B.Todurovun klinikasına göndərilmiş 12 yaşlı azərbaycanlı oğlanın ürəyində təmənnasız olaraq cərrahiyə əməliyyatı aparmış və onu həyata qaytarmışdır. Bu nəcib işdə Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində ikitərəfli müqavilə imzaladığı ukraynalı həmkarı Nina Karpaçovanın dəstəyi də olmuşdur.
Bununla da insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin daha bir mühüm qolu – vətəndaşların sağlamlıq hüququnun müdafiəsi və təmin olunması üzrə mütəmadi ikitərəfli əməkdaşlığın başlanğıcı qoyulmuşdur.
Cari ilin 17-21 iyun tarixlərində professor Todurov üç mütəxəssisdən ibarət qrupla ölkəmizə səfər etmiş və mühüm əhəmiyyəti olan işlər həyata keçirilmişdir. Görkəmli cərrah Bakıda olduğu günlərdə ürək xəstəliyi olan 36 uşağı diaqnostik müayinə edərək, onların vəziyyətini öyrənmiş və xəstəliyin ağırlıq dərəcəsini aşkar etmişdir.
Qeyd olunmalıdır ki, onların arasında qaçqın və məcburi köçkün ailələrin uşaqları da vardır. Müvəkkil 20 iyun – Ümumdünya Qaçqınlar günündə Ramanada salınmış Yeni qəsəbədə məskunlaşmış şuşalı məcburi köçkünlərlə görüş zamanı ona müraciət etmiş valideynlərin ürək çatışmazlığı olan övladının B.Todurov tərəfindən müayinəsini təşkil etmişdir.
Bir neçə uşaqda müəyyənləşdirilmiş ürək qüsurunun cərrahi yolla aradan qaldırılması məsləhət görülmüşdür. Goranboy, Yevlax və Şuşanın Malıbəyli kəndindən olan, ürəyində təcili əməliyyat aparılmasına ehtiyacı olan üç uşaq Kiyev Müasir “Ürək” Mərkəzinə təmənnasız əməliyyat olunmaq üçün dəvət edilmişdir.
İşgüzar səfər çərçivəsində professor Todurov E.Süleymanovanın 17-19 iyun 2009-cu il tarixdə keçirdiyi “Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri” mövzusunda Ombudsmanların VII Bakı Beynəlxalq konfransında məruzə etmiş, habelə Azərbaycan Tibb Universitetində və Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunda mühazirələr oxumuşdur. O, Azərbaycan Respublikasının Səhiyyə naziri tərəfindən qəbul olunmuşdur. Görüş zamanı kardioloji xidmətin təkmilləşdirilməsi və bu sahə üçün peşəkar kadrlar hazırlanması, təcrübə mübadiləsi ilə bağlı faydalı müzakirələr aparılmışdır.
|