İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının şöbə müdiri Aydın Səfixanlı Ədliyyə Akademiyasında ədliyyə sisteminə qəbul olunmuş gənc kadrların hüquqi maarifləndirilməsi məqsədilə təşkil olunan ixtisasartırma kursunda “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu və Müvəkkilin insan hüquqlarının müdafiəsində rolu” mövzusunda mühazirə oxumuşdur.
A.Səfixanlı kurs iştirakçılarına respublikamızda Ombudsman İnstitutunun yaranma dövrü, həmin qurumun meydana gəlməsini şərtləndirən amillər və normativ-hüquqi bazanın formalaşdırılması prosesi, müvafiq Konstitusiya Qanununun qəbul olunması, bu sənədin özünəməxsus cəhətləri barədə məlumat vermişdir. O, Ombudsman Aparatının strukturu, onun dövlət orqanları sistemində yeri və rolu, pozulmuş insan hüquq və azadlıqlarının bərpası sahəsində Müvəkkilin müstəqil və qərəzsiz fəaliyyəti, onun ədliyyə orqanları, o cümlədən penitensiar müəssisələrlə əməkdaşlığı haqqında danışmışdır. Ombudsmanın penitensiar müəssisələrdə keçirdiyi monitorinqlər, mütəmadi baxışlar, aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş tədbirlər, cəzaların icrası şəraitinin daha da yaxşılaşdırılması, məhkumların islah olunması işinin təkmilləşdirilməsi üçün Penitensiar Xidmət qarşısında duran vəzifələr diqqətə çatdırılmışdır. Son illərdə ölkəmizdə həyata keçirilən humanist siyasət nəticəsində imzalanmış 45 əfv fərmanı və qəbul olunmuş 9 amnistiya aktı nəticəsində on minlərlə məhkumun azadlığa çıxdığı, ailəsinə və cəmiyyətə qovuşduğu, Ombudsmanın qaldırdığı vəsatətlər nəticəsində 298 məhkumun əfv olunduğu və ya barələrində amnistiya aktının şamil olunduğu bildirilmişdir.
Həmçinin Müvəkkil təsisatının insan hüquqlarının müdafiəsi sahəsində dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti, o cümlədən xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələri, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının üzvü olduğu vurğulanmışdır. Müvəkkilin insan hüquqları üzrə milli qanunvericiliyin beynəlxalq hüquqi sənədlərə uyğunlaşdırılması istiqamətində fəaliyyəti, irəli sürdüyü təkliflər barədə geniş məlumat verilmişdir.
İnsan hüquqları sahəsində vəziyyətin qiymətləndirilməsi baxımından yeni mexanizm olan Universal Dövri İcmal üzrə Azərbaycan dövlətinin, “A” statuslu Milli insan hüquqları təsisatı kimi Ombudsmanın və QHT-lərin BMT-nin İnsan Hüquqları Şurasında hesabatlarının dinlənildiyi, ölkəmizin təqdim etdiyi hesabatın bütövlükdə uğurlu hesab edildiyi, eyni zamanda tövsiyələrin verildiyi nəzərə çatdırılmışdır.
Aparatın əməkdaşı “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun respublikamız tərəfindən ratifikasiya olunduğunu, ölkə Prezidentinin müvafiq sərəncamı üzrə bu sənəddə nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində İnsan Hüquqları üzrə Müvəkkilin müəyyən edildiyini vurğulamışdır. O, ölkəmizdə təsdiq olunmuş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Ombudsmanın fəaliyyəti, bu sənədin icrası vəziyyəti barədə danışmış, həmin planın insan hüquqlarının müdafiəsi və təmini sahəsində model sənəd kimi qiymətləndirildiyini söyləmişdir.
Müvəkkilin nümayəndəsi dinləyicilərin suallarını ətraflı cavablandırmışdır.
|